Rusiyanın paytaxtı Moskva istiqamətində pilotsuz uçuş aparatları ilə hücum cəhdi qeydə alınıb.
Moskva meri Sergey Sobyaninin açıqlamasına görə, hava hücumundan müdafiə qüvvələri paytaxta doğru hərəkət edən daha 7 PUA-nı zərərsizləşdirib. Onun sözlərinə əsasən, dronların qalıqlarının düşdüyü ərazilərdə operativ xidmətlərin əməkdaşları fəaliyyət göstərir.
Rusiya tərəfi hadisə nəticəsində ölən və ya yaralananların olması barədə məlumat verməyib. Dağıntıların miqyası ilə bağlı da ilkin açıqlamalarda hər hansı məlumat yer almayıb.
Bununla yanaşı, Rusiya mediasının 9 avqust tarixli məlumatında Moskva istiqamətində daha 3 PUA-nın məhv edildiyi bildirilib.
Son günlər Moskva və ətraf vilayətlər PUA hücumlarının intensivləşməsi ilə üzləşib. Moskva meri Sergey Sobyanin daha əvvəl bir həftə ərzində Moskva vilayətinə təxminən 2 min PUA-nın yönəldiyini açıqlayıb.
Hadisələrin fonunda paytaxt ətrafında hava hücumundan müdafiə tədbirləri gücləndirilib.

