Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində aralarında müğənnilər Sıla Gençoğlu və İlyas Yalçıntaşın, həmçinin prodüser Mehmet Fatih Aksoyun da olduğu 25 nəfər barəsində saxlanılma qərarı verilib.
Əməliyyat İstanbulun Bakırköy Respublika Prokurorluğunun koordinasiyası ilə həyata keçirilir. Prokurorluğun açıqlamasında bildirilib ki, ictimaiyyət arasında sənətçi, aktyor, iş adamı və sahibkar kimi tanınan bəzi şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etməsi, onların istifadəsinə şərait yaratması və ya bu maddələri təmin etməsi ilə bağlı əsaslı şübhələri təsdiqləyən sübutlar əldə olunub.
İstintaq çərçivəsində bu gün 25 şübhəli barədə saxlanılma qərarı çıxarılıb. Onlardan Sıla Gençoğlu, İlyas Yalçıntaş, Mehmet Fatih Aksoy, Ateş İnce, Şefik Ömer Dolman, Aybüke Aldere, Ayşe Nur Balcı, İrem Haznedar, Orhan Yıldız və Öner Faruk Işık saxlanılıb.
NTV-nin yaydığı məlumata əsasən, şübhəlilər narkotik və psixotrop maddələrdən istifadə, bu maddələrin istifadəsinə şərait yaratma və istifadəsini asanlaşdırma ittihamları ilə araşdırılır.
Bildirilib ki, İlyas Yalçıntaşın evində aparılan axtarış zamanı həssas tərəzi və narkotik maddələrin istifadəsində istifadə olunduğu ehtimal edilən bəzi əşyalar aşkar edilərək götürülüb.
İlyas Yalçıntaşın evindən çıxanlar:

Türkiyə qanunvericiliyinə uyğun olaraq saxlanılan şəxslər əvvəlcə tibbi müayinədən keçirilir, daha sonra isə narkotik testlərinin aparılması üçün Məhkəmə Tibb Qurumuna aparılır. Bundan sonra onlar ifadələrinin alınması üçün prokurorluğa təqdim edilir və istintaqın nəticəsindən asılı olaraq sərbəst buraxılır və ya məhkəməyə göndərilirlər.
Qeyd edək ki, İstanbul Respublika Prokurorluğunun məşhurlara qarşı narkotik istintaqı 2025-ci il oktyabrın 8-dən etibarən davam edir. İstintaq çərçivəsində indiyədək ictimaiyyətə tanış olan çoxsaylı şəxslərdən ifadə alınıb, qan və saç nümunələri götürülüb, bəzi şübhəlilər barəsində isə həbs qətimkan tədbiri seçilib.

