Aktyor Taleh Yüzbəyov estetik əməliyyatlarla bağlı yer aldığı reklam çarxına görə ünvanına səslənən tənqidlərə münasibət bildirib.
O, sosial şəbəkədə paylaşdığı videoda son günlər həm tənqidi fikirlərlə, həm də təhqiramiz rəylərlə qarşılaşdığını qeyd edib. Aktyor bildirib ki, mövzu ətrafında hazırlanan çoxsaylı paylaşımlar instaqram səhifəsinin aktivliyini xeyli artırıb və buna görə heç kimə irad tutmur.
“Bu mövzu sayəsində səhifəmin aktivliyi dəfələrlə yüksəlib. Hazırladığınız kontentə görə heç kimdən narazı deyiləm, hər kəs öz işini görür. Tənqidlər normal idi, amma sonradan məsələ təhqir həddinə çatdı. Bununla kifayətlənməyib şəxsi mesajlar yazmağa, daha sonra isə həyat yoldaşıma müraciət etməyə başladınız”, – deyə o bildirib.
Taleh Yüzbəyov həyat yoldaşının estetik əməliyyat etdirmədiyini, yalnız müəyyən kosmetoloji prosedurlardan istifadə etdiyini vurğulayıb. Onun sözlərinə görə, belə bir əməliyyat etdirmiş olsaydı belə, bu, fikirlərini dəyişməzdi.
“Ətrafımızda estetik əməliyyat etdirən dostlarımız da var. Bu, münasibətlərimizdə heç vaxt problem yaratmayıb. Sadəcə, bu məsələ mənim şəxsi zövqümə uyğun deyil”, – deyə aktyor əlavə edib.
Aktyor bəzi sosial şəbəkə istifadəçilərinin ailə üzvlərini müzakirələrə cəlb etməsini isə qəbuledilməz hesab etdiyini bildirib. O, həyat yoldaşına təhqiramiz mesajlar göndərildiyini, hətta azyaşlı qızının fotosunun paylaşılaraq onunla bağlı alçaldıcı fikirlər səsləndirildiyini deyib.
“12 yaşlı qızımın şəklini göndərib onun xarici görünüşü ilə bağlı yazılanlar artıq bütün sərhədləri aşdı. Hər hansı mövqeni müdafiə etmək adı ilə başqa qadınları və ya uşaqları hədəfə almaq doğru deyil. Mübahisəni bu səviyyəyə endirmək yolverilməzdir”, – deyə o vurğulayıb.
Taleh Yüzbəyov bildirib ki, reklam çarxının reklam hissəsini ayrıca paylaşsa da, səsləndirdiyi fikirlərə görə üzr istəməyi düşünmür.
“İnanmadığım bir fikrə görə üzr istəməyəcəyəm. Kiminsə rəğbətini qazanmaq naminə öz mövqeyimdən imtina etmək niyyətim yoxdur”, – deyə aktyor qeyd edib.
Qeyd edək ki, Taleh Yüzbəyovun rol aldığı reklam çarxında qadınların estetik əməliyyatlara münasibəti ilə bağlı səsləndirilən fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə və müxtəlif reaksiyalara səbəb olmuşdu.
Mənbə: Bestxəbər

