“Xəbər Yerində” xəbər verir ki, Türkiyənin Ərzurum şəhərinin Aziziye rayonunda məsciddə baş verən hadisə ilə bağlı prokurorluq araşdırmaya başlayıb.
Hadisə avqustun 25-də Adalar məscidində axşam namazı zamanı baş verib. Namaz qılındığı vaxt pişik cərgədə dayanan şəxsin ayaqlarının arasına daxil olmağa çalışıb. Şəxs isə pişiyə təpik vurub.
Zərbənin təsirindən havaya qalxan pişik namazı qıldıran imamın başına çırpılaraq yerə düşüb. Hadisə məscidin təhlükəsizlik kamerasına düşüb.
Görüntülərin yayılmasından sonra Ərzurum Respublika Baş Prokurorluğu Heyvanların Mühafizəsi Qanunu çərçivəsində araşdırmaya başlayıb. Aparılan tədbirlər nəticəsində pişiyə təpik vuran şəxsin kimliyi müəyyənləşdirilərək o, polis tərəfindən saxlanılıb.
Məlumata görə, hadisə zamanı xəsarət alan pişiyin vəziyyəti yaxşıdır və onda hər hansı əlillik və ya ciddi zədə aşkarlanmayıb.
Baş Prokurorluq araşdırmanın hərtərəfli və diqqətlə davam etdirildiyini açıqlayıb.

