20 gün əvvəl Türkiyəyə işləməyə getmişdi, gəmi qəzasında saxlanıldı

20 gün əvvəl Türkiyəyə işləməyə getmişdi, gəmi qəzasında saxlanıldı

“Xəbər Yerində” xəbər verir ki, Şimali Kiprin Girnə sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan şəxslər arasında üç Azərbaycan vətəndaşı da yer alıb.

Saxlanılan azərbaycanlıların Xaçmaz rayonunun Palçıqoba kənd sakini 28 yaşlı Valeh Hümbətov, əslən Tərtərdən olan və Bakıda yaşayan Rəşad İbrahimov və Şabran sakini 22 yaşlı Qədir Quliyev olduğu bildirilir.

Valeh Hümbətovun anası oğlunun qəza zamanı nişanlısına gəminin batdığını xəbər verdiyini deyib. Onun sözlərinə görə, Valeh hadisədən bir neçə saat sonra ailəsi ilə qısa müddət əlaqə saxlayaraq xilasetmə işlərinin aparıldığını bildirib. Daha sonra onun nəzarətə götürüldüyü barədə məlumat verilib.

Digər saxlanılan Rəşad İbrahimovun bacısı Türkan Təhməzova qardaşının hadisədən cəmi 20 gün əvvəl gəmidə işləmək üçün Türkiyəyə getdiyini bildirib. Onun sözlərinə görə, qəza zamanı Rəşadın telefonu və digər şəxsi əşyaları batıb. Daha sonra ekipaj üzvü olan digər azərbaycanlının telefonu vasitəsilə onunla əlaqə saxlanılıb və Rəşad xəstəxanada olduğunu deyib.

Ailə üzvləri Rəşadın saxlanılması xəbərini sosial şəbəkələrdən öyrəndiklərini bildiriblər. Onlara şirkət tərəfindən bunun insan tələfatı ilə əlaqədar aparılan prosedur çərçivəsində baş verdiyi və Rəşadın hadisədə günahının olmadığı deyilib. Onun vəkillə təmin olunduğu qeyd edilib.

Qədir Quliyevin qardaşı Nurət Quliyev isə onun apreldən etibarən həmin gəmidə matros işlədiyini bildirib. Onun sözlərinə görə, Qədir qəza zamanı ailəsinə zəng edərək gəminin batdığını, lakin sağ olduqlarını deyib. Daha sonra onların izahat vermək üçün aparıldığını bildirib. Hazırda ailə onunla əlaqə saxlaya bilmir.

Qeyd edək ki, avqustun 30-da Girnə sahillərində baş verən gəmi qəzasında 240 nəfər xilas edilib, 8 nəfər həyatını itirib. Daha 19 sərnişinin axtarış-xilasetmə işləri davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir