Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət yeni sosial yaşayış kompleksinin təməlini qoyub.
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlət başçısına layihə çərçivəsində yaradılacaq şərait barədə məlumat verib.
Bildirilib ki, Naxçıvan şəhərində güzəştli mənzillərdən ibarət çoxmənzilli yaşayış binalarının inşası üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb.
Layihəyə əsasən, ərazidə 6 və 7 mərtəbədən ibarət 16 yaşayış binası inşa ediləcək. Kompleksdə 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı və 37 dördotaqlı olmaqla, ümumilikdə 518 mənzil olacaq.
Yaşayış kompleksində sakinlərin rahatlığının təmin edilməsi üçün zəruri infrastruktur da yaradılacaq. Ərazidə uşaq bağçasının və müxtəlif iaşə obyektlərinin inşası nəzərdə tutulur.
Kompleks elektrik enerjisi, qaz, içməli su və kanalizasiya sistemləri ilə təchiz ediləcək. Bundan başqa, ərazidə yolların və səkilərin salınması, abadlıq və yaşıllaşdırma işlərinin aparılması planlaşdırılır.
Prezident İlham Əliyevə, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin indiyədək həyata keçirdiyi və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verilib.





