Naxçıvanda yeni avtobus parkı 222 nəfəri işlə təmin edib – 60 elektrik avtobusu xəttə çıxacaq-FOTO

Naxçıvanda yeni avtobus parkı 222 nəfəri işlə təmin edib – 60 elektrik avtobusu xəttə çıxacaq-FOTO

Naxçıvan şəhərində istifadəyə verilən yeni avtobus parkında 222 nəfər işlə təmin olunub.

Xeber Yerində xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “BakuBus” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva deyib.

Bildirilib ki, inşasına ötən ilin dekabrında başlanılan avtobus parkı 2,72 hektar ərazini əhatə edir. Burada inzibati bina, təmir və yuma mərkəzləri yaradılıb. Park 112 avtobusun, o cümlədən elektrik avtobuslarının fəaliyyəti üçün zəruri infrastruktura malikdir.

Naxçıvan sakinlərinin istifadəsinə Azərbaycanda istehsal olunan 60 BYD markalı elektrik avtobusu təqdim edilib. 53 sərnişin tutumuna malik avtobusların fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə parkda 16 şarj stansiyası quraşdırılıb.

Tam şarjla elektrik avtobuslarının təxminən 200 kilometr məsafə qət edə biləcəyi bildirilib. İlk mərhələdə avtobusların 9 marşrut xətti üzrə fəaliyyətə başlaması nəzərdə tutulur.

Bundan başqa, sərnişindaşıma sistemində marşrut və dayanacaqların optimallaşdırılması istiqamətində də işlər görülüb.

Yeni avtobus parkında ödənişlərin tamamilə nağdsız həyata keçirilməsi planlaşdırılır. Sərnişinlər CityCard və BakıKartdan, həmçinin Google Pay, Apple Pay, BakıKart mobil tətbiqinin QR kodundan və istənilən bank kartından istifadə edə biləcəklər.

Parkda avtobusların yuyulması üçün müasir sistem də qurulub. Bir avtobusun yuyulmasına orta hesabla 3-6 dəqiqə sərf olunur. İstifadə edilən suyun 85 faizi filtrasiya olunaraq yenidən dövriyyəyə qaytarılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərində istifadəyə veriləcək yeni elektrik avtobuslarına baxıblar. Dövlət başçısı və birinci xanım, həmçinin Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir