Ali məktəblərə ixtisas seçimi başladı – abituriyentlərin diqqətinə

Ali məktəblərə ixtisas seçimi başladı – abituriyentlərin diqqətinə

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi başlayıb.

Xeber Yerində xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 12-dən avqustun 19-u saat 23:59-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər 15-dək ixtisas seçə bilərlər

İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna və ya altqrupuna aid 15-dək ixtisasın kodunu elektron ərizəsinə daxil edib təsdiqləyə bilər.

Abituriyent ixtisas seçərkən həmin ixtisas üzrə dövlət sifarişi, yoxsa ödənişli əsaslarla təhsil almaq istədiyini də qeyd etməlidir. Eyni ixtisas üzrə hər iki müsabiqədə iştirak etmək istəyən şəxs həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməlidir.

İxtisasların kodlarının sayı və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Yerləşdirmə zamanı elektron ərizədə göstərilən ixtisasların ardıcıllığı əsas götürüləcək.

Subbakalavrlar da ixtisas seçə bilərlər

Subbakalavrlar üçün də ixtisas seçimi avqustun 12-dən 19-u saat 23:59-dək davam edəcək.

Onlar yalnız orta ixtisas və ya yüksək texniki peşə təhsili səviyyəsində oxuduqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun ali ixtisasları seçə bilərlər.

Subbakalavrlar da seçdikləri ixtisas üzrə dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaq istədiklərini elektron ərizədə göstərməlidirlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasları isə yalnız müvafiq qabiliyyət imtahanında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

Məsləhət mərkəzləri ödənişsiz fəaliyyət göstərir

DİM-in məlumatına görə, abituriyentlər ixtisas seçimi ilə bağlı ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Bu mərkəzlər 10 ali təhsil müəssisəsində, DİM-in regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən tarixlərdə 50-dən çox rayon və bölgədə fəaliyyət göstərir.

Qeyd edək ki, ixtisas seçimi başa çatdıqdan sonra qəbul planı və dövlət sifarişi üzrə proqnozlaşdırılan yerlər çərçivəsində yerləşdirmə aparılacaq. Əvvəlcə abituriyentlərin, daha sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi həyata keçiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir