Xəbər Yerində xəbər verir ki, aparıcı Nigar Fərhadın təsisçisi olduğu “AİD Group” xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır.
“Qafqazinfo”ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov iki il əvvəl ABŞ-də təhsil almaq üçün şirkətə müraciət etdiyini və 2 min dollar ödədiyini bildirib.
Müqavilədə fərqli şərtlər ortaya çıxıb
Onun sözlərinə görə, sonradan təqdim edilən müqavilədə ilkin razılaşmadan fərqli şərtlərlə, o cümlədən viza üçün əlavə 850 manat ödənişlə qarşılaşıb. Rüfət buna görə müqavilədən imtina etdiyini, lakin ödədiyi 2 min dolların geri qaytarılmadığını deyib.
Şikayətçi məsələ ilə bağlı polisə və prokurorluğa müraciət etdiyini bildirib.
Nigar Fərhad cinayət məsuliyyətinə cəlb edilib
Məlumata görə, “AİD Group”la bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılır. Nigar Fərhadın Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir. Barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.
İttihamlar məhkəmə istintaqı zamanı təsdiqlənərsə, Nigar Fərhadı 5 ildən 10 ilədək həbs cəzası gözləyə bilər.
Qeyd edək ki, “AİD Group” iki ay əvvəl fəaliyyətini dayandırıb. Şirkətin faktiki rəhbəri və Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə isə DTX tərəfindən həbs edilib.

