Ukraynanın Odessa şəhəri 24 avqust səhəri Rusiyanın kütləvi raket-dron hücumuna məruz qalıb.
Xəbər Yerində xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində şəhərdə iki “Episentr” hipermarketinə zərbə dəyib və obyektlərdə yanğın başlayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hücum zamanı əsas zərbə ərzaq anbarlarına və enerji infrastrukturu obyektlərinə dəyib. Bundan başqa, yaşayış evlərinin də zərər gördüyü qeyd olunub.
“Episentr” şirkətinin nümayəndəsinin sözlərinə görə, Odessadakı iki hipermarketə zərbə endirilib. Hadisənin nəticələri və mümkün xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir.
İlkin məlumata görə, hücumun ilk saatlarında ölən və yaralananlarla bağlı məlumat daxil olmayıb. Vəziyyətlə bağlı araşdırma və nəticələrin dəqiqləşdirilməsi davam edir.

