Şəkinin 118 və 119-cu kvartallarında yaşayan yüzlərlə ailə illərdir təbii qaz təminatından məhrumdur. Sakinlər istilik və məişət ehtiyaclarını alternativ vasitələrlə qarşılamaq məcburiyyətində qaldıqlarını bildirirlər.
Xəbər Yerində Xəzər TV-yə istinadən xəbər verir ki, sözügedən ərazidə yaşayan ailələr təxminən 20 ildir təbii qazın olmamasından əziyyət çəkirlər.
Sakinlərin sözlərinə görə, yeməkləri ocaqda bişirir, evlərini isə odun sobaları ilə qızdırırlar. Bəzi ailələr isə istilik üçün kəpək və fındıq qabığından istifadə etdiklərini deyirlər.
Onlar bildirirlər ki, alternativ yanacaqla evlərin qızdırılması əlavə xərc yaradır. Odunun bir kubmetrinin qiymətinin 25-30 manat olduğu, əvvəllər daha ucuz başa gələn maye qaz balonlarının isə hazırda 27-30 manata satıldığı qeyd olunur.
Bəzi sakinlər qış aylarında qaz problemi səbəbindən başqa ərazilərdə kirayə ev tutduqlarını da bildiriblər.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, yaşayış massivinin təbii qazla təmin edilməsi maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə nəzərdən keçirilə bilər.
Xəzər TV mövzu ilə bağlı daha ətraflı videomaterial hazırlayıb.

