Bu ilin oktyabr ayı Azərbaycanda qeyri-adi isti hava şəraiti ilə yadda qalır. Ayın ilk 21 günündə Bakı və Abşeron yarımadasında orta temperatur 23-25 dərəcə təşkil edib. Oktyabrın 18-də isə paytaxtda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün orta aylıq iqlim norması 16,1 dərəcədir.
Xəbər Yerində Bizim.media-ya istinadən xəbər verir ki, havanın isti və yağıntısız keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlıq əkinlər baxımından belə hava şəraiti müsbət qiymətləndirilir.
Mülayim hava mənzil təsərrüfatı üçün də əlverişlidir. Soyuq və yağıntılı günlərdə istilik sistemlərinin işə salınmasına daha tez ehtiyac yaransa da, hazırkı hava şəraitində buna hələ zərurət yaranmayıb.
Bununla belə, bəzi insanlar havanın mövsümə uyğun olmayan dərəcədə isti keçməsindən və bunun mümkün fəsadlarından narahatlıq keçirirlər.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı danışan ekoloq Qorxmaz İbrahimli oktyabr ayında belə hava şəraitinin Azərbaycan, xüsusilə də Bakı və Abşeron yarımadası üçün xarakterik olduğunu bildirib.
Onun sözlərinə görə, bu dövrdə cənubdan gələn isti hava kütlələri payız günlərinə mülayimlik gətirir.
“Adətən bu ayda cənubdan isti hava kütlələri daxil olur və payız havasına bir qədər istilik, mülayimlik qatır. Ona görə də gündüzlər hava bəzən çox isti olanda insanlar narahat olurlar ki, bu, iyun havasına bənzəyir. Əslində, payızın belə keçməsi çox gözəldir. Ona görə narahat olmağa dəyməz.
Axşamlar onsuz da soyuq olur, gecələr hava xeyli sərinləyir. Tarixə nəzər salsaq, oktyabr ayı əsasən isti keçir. Sadəcə, insanları narahat edən məsələ iqlim dəyişikliklərinin geniş təbliğ olunmasıdır. İqlim dəyişiklikləri Yer kürəsi yaranandan bəri baş verir. Ona görə də narahatlığa əsas yoxdur”, – deyə ekoloq vurğulayıb.

