Oteldə bir gecəyə 8 min avro ödədi – Slutskinin ailəsi ilə bağlı yeni iddialar

Oteldə bir gecəyə 8 min avro ödədi – Slutskinin ailəsi ilə bağlı yeni iddialar

Xəbər Yerində xəbər verir ki, Rusiyanın Liberal-Demokrat Partiyasının (RLDP) lideri Leonid Slutskinin və ailəsinin bahalı həyat tərzi ilə bağlı yeni araşdırma yayımlanıb.

Araşdırma müəlliflərinin iddiasına görə, siyasətçinin bəzi səfər və otel xərcləri partiyanın vəsaiti hesabına qarşılanıb.

Məlumata görə, Slutski RLDP-yə rəhbərlik etdikdən sonra qızının Moskva vilayətinin Jukovka kəndində yerləşən elit “Prezident” məktəbində fərdi proqramla təhsil almasını təmin edib. Bu təhsilin aylıq xərcinin təxminən 350 min rubl olduğu bildirilir.

Araşdırmada qeyd olunur ki, fərdi təhsil proqramının seçilməsinin səbəblərindən biri qızının tez-tez xarici səfərlərə çıxması olub. Onun Egey dənizi sahillərinə, eləcə də İtaliyadakı Komo gölünə səfər etdiyi iddia edilir.

Bununla yanaşı, Slutskinin öz səfərləri zamanı daha böyük məbləğlər xərclədiyi bildirilir. Belə ki, siyasətçinin Sankt-Peterburqda “Grand Hotel Europe” otelinin prezident apartamentində qaldığı, həmin nömrənin sutkalıq qiymətinin 900 min rubla çatdığı iddia olunur.

Araşdırmada Slutskinin 2022-ci ilin iyununda İstanbula səfəri də nümunə kimi göstərilir. İddiaya görə, həmin səfər zamanı siyasətçinin oteldə bir gecəlik qalması 8 min avroya başa gəlib. Bu məbləğə böyük qızı İrina üçün ayrıca ayrıldığı bildirilən nömrənin daxil olmadığı qeyd edilir.

Araşdırma müəllifləri yüksək xərclərlə müşayiət olunan səfərlərin konkret nəticələrinin ictimaiyyətə aydın olmadığını da iddia edirlər.

Məqalədə Slutskinin vergi ödəyicilərinin hüquqlarının müdafiəçisi kimi çıxış etməsi ilə ailəsinin dəbdəbəli həyat tərzi arasında ziddiyyət olduğu irəli sürülür.

RLDP son illərdə sərt millətçi və anti-miqrant ritorikası ilə çıxış edir. Partiya özünü Dövlət Dumasında “əsas anti-miqrant səs” kimi də təqdim edir. Bunun fonunda Slutskinin ailəsinin bahalı təhsil, xarici səfərlər və lüks otellərlə bağlı xərcləri barədə araşdırmalar diqqət çəkir.

Mənbə: Musavat

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir