Xeberyerinde Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2026/2027-ci tədris ili üçün özəl məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirilməsi üzrə müsabiqə elan olunub.
Müsabiqənin məqsədi valideyn-dövlət-özəl əməkdaşlığı modeli əsasında məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirməkdir. Müsabiqədə yalnız fəaliyyət üçün lisenziyası olan özəl bağçalar iştirak edə biləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun sözlərinə görə, hazırda sistemdə 170 özəl bağça qeydiyyatdadır, bu il isə daha 10 müəssisə qeydiyyatdan keçib.
Yeni maliyyələşmə modelinə əsasən, təhsil haqqının 70 faizi dövlət tərəfindən ödəniləcək. Dövlətin ödəyəcəyi məbləğ Bakıda maksimum 350 manat, regionlarda isə 250 manat olacaq. Qalan hissəni valideyn qarşılayacaq.
Bildirilib ki, maliyyələşmə aylıq əsasda həyata keçiriləcək və müqavilələr 10 aylıq olacaq. Uşaqların davamiyyəti izləniləcək, dövlət ödənişləri də buna uyğun hər ay köçürəcək.
Müsabiqəyə sənəd qəbulu 5–20 avqust tarixlərində aparılacaq. Layihə çərçivəsində 2026/2027-ci tədris ilində 8 min uşağın özəl bağçalarda təhsil xərclərinin maliyyələşdirilməsi nəzərdə tutulur.

