Polşa Prezidenti Karol Navrotski ölkədə eynicinsli cütlüklərin nikahına hüquqi zəmin yarada biləcəyi iddia olunan “ən yaxın şəxs statusu” haqqında qanun layihəsini imzalamaqdan imtina edib.
Xeberyerinde Oxu.az-a istinadən xəbər verir ki, dövlət başçısı qərarını “X” platformasındakı rəsmi hesabında yayımladığı videomüraciət zamanı açıqlayıb.
Navrotski bildirib ki, veto tətbiq etdiyi sənədlərdən biri “ən yaxın şəxs statusu” və birgə yaşayış müqaviləsi ilə bağlı qanun layihəsidir. Onun sözlərinə görə, bu təşəbbüs ailə hüququ sahəsində nikah münasibətlərinə oxşar geniş səlahiyyətlərə malik yeni hüquqi institutun yaradılmasına səbəb ola bilər.
Prezident qeyd edib ki, belə dəyişikliklər nikah anlayışına alternativ hüquqi mexanizm formalaşdıraraq, ailə qanunvericiliyində mövcud balansı dəyişə bilər.
“Konstitusiyanın qoruyucusu kimi kişi və qadının ittifaqı kimi müəyyən edilən nikah institutunun xüsusi statusunun zəifləməsinə gətirib çıxara biləcək qərarları təsdiqləyə bilmərəm”, – deyə Navrotski bildirib.
O əlavə edib ki, Polşa Konstitusiyasına əsasən nikah dövlətin himayəsi və xüsusi müdafiəsi altındadır.

