Polşa ərazisinə Rusiya raketi düşüb? – Baş nazirdən açıqlama

Polşa ərazisinə Rusiya raketi düşüb? – Baş nazirdən açıqlama

Polşanın şərqində gecə saatlarında tarlaya düşən naməlum obyektin Rusiyaya məxsus X-101 qanadlı raketi olduğu ehtimal edilir.

Xeberyeri.com xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk fövqəladə iclas zamanı açıqlama verib.

Onun sözlərinə görə, əldə olunan ilkin məlumatlar obyektin Rusiya istehsalı X-101 qanadlı raketi olduğunu göstərir. Bununla belə, raketin növü və kim tərəfindən buraxıldığı yalnız araşdırmalardan sonra dəqiq müəyyən ediləcək.

Polşa Silahlı Qüvvələrinin Ali Komandanlığı bildirib ki, obyekt Lyublin şəhərinin cənubunda yerləşən Tarnava Koloniya kəndi yaxınlığında, yaşayış olmayan əraziyə düşüb. Hadisədən əvvəl bölgədə hava həyəcanı elan olunmuşdu.

Polşa müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçka hadisə nəticəsində xəsarət alan olmadığını və heç bir maddi ziyanın qeydə alınmadığını açıqlayıb.

Ukrayna Xarici İşlər Naziri Andriy Sibiha isə Rusiyanı Polşanın hava məkanını pozmaqda ittiham edib. O bildirib ki, gecə saatlarında Ukraynaya endirilən kütləvi raket zərbəsi zamanı Rusiyaya məxsus X-101 qanadlı raketi Polşa hava məkanına daxil olaraq NATO məkanını pozub.

Sibiha vurğulayıb ki, bu hadisə Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin bütün Avro-Atlantik məkanının təhlükəsizliyi üçün vacib olduğunu bir daha göstərir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Polşanın hava məkanı bir neçə dəfə pozulub. Ötən ilin sentyabrında Rusiyaya məxsus bir neçə pilotsuz uçuş aparatı Polşa ərazisinə daxil olmuş, onların bir hissəsi Polşa və NATO qüvvələri tərəfindən zərərsizləşdirilmişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir