Xəbər Yerində president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.
Dövlət başçısı ötən il Kopenhagendə Niderlandın sabiq Baş naziri Dik Sxof ilə keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Həmin görüşdə Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivlərinin müzakirə olunduğunu bildirib.
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə edib. O, səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın müzakirəsi üçün əlverişli fürsət kimi qiymətləndirib.
Qəbula görə dövlət başçısına təşəkkür edən Tom Berendsen ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd edib.






Niderland Azərbaycan vasitəsilə təxliyəyə görə təşəkkür etdi
Tom Berendsen Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən ölkəsinin Tehrandakı səfirinin və səfirlik əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Niderlandın xarici işlər naziri Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu yüksək qiymətləndirdiklərini vurğulayıb. O, regionda sülhün və sabitliyin həm Cənubi Qafqaz, həm də Avropa üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Niderland şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirə bilər
Görüşdə Azərbaycan ilə Niderland arasında ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdikləri vurğulanıb. Tərəflər nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
İqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin, o cümlədən işgüzar nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələlərinə də toxunulub.
Kənd təsərrüfatında əməkdaşlıq imkanları müzakirə edildi
Görüş zamanı Azərbaycanın kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyi və bu sahədə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyi diqqətə çatdırılıb.
Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəyə malik olduğu nəzərə alınaraq, bu istiqamətdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

