Azərbaycan Prezidenti İlham Əliyev iyulun 17-də Oman Sultanlığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Görüş zamanı Prezident İlham Əliyev Azərbaycan ilə Oman arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, iki ölkə müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir və bu tərəfdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.
Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb, onun ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanda fəaliyyətə başlamasından məmnunluğunu bildirən Saif Raşid Saif Al Cahvari Oman Sultanı Heytəm bin Tariq Al Səidin salamlarını Prezident İlham Əliyevə çatdırıb. O qeyd edib ki, Oman Sultanı dövlət başçısına möhkəm cansağlığı, Azərbaycana isə davamlı inkişaf və uğurlar arzulayır.
Prezident İlham Əliyev xoş arzulara görə təşəkkürünü bildirib, öz salamlarını da Oman Sultanına çatdırmağı xahiş edib.
Səfir çıxışı zamanı Azərbaycan ilə Oman arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.
O, həmçinin Leyla Əliyevanın bu ilin əvvəlində Omana səfərini xatırladaraq, həmin səfər çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub. Tərəflər birgə investisiya fondunun fəaliyyətini və gələcəkdə onun maliyyə imkanlarının genişləndirilməsi məsələlərini də nəzərdən keçiriblər.




