Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.
Xəbər Yerində xəbər verir ki, dövlət başçısı təbrikində 1 Noyabr – İnqilab Günü münasibətilə həmkarını və onun simasında bütün Əlcəzair xalqını Azərbaycan xalqı adından təbrik edib.
Prezident qeyd edib ki, bu tarixi gün Əlcəzair xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin, sarsılmaz iradəsinin, qəhrəmanlığının və milli birliyinin əbədi rəmzidir.
İlham Əliyev Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin mövcud səviyyəsindən məmnunluğunu ifadə edib.
O, xalqlarımızın maraqlarına uyğun olaraq əlaqələrin genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı istiqamətində birgə səylərin davam etdiriləcəyinə inamını bildirib.
Dövlət başçısı Abdelmacid Tebbuna möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Əlcəzair xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

