ADA Məktəbində Leyla Əliyevanın iştirakı ilə xeyriyyə festivalı keçirildi – FOTO

ADA Məktəbində Leyla Əliyevanın iştirakı ilə xeyriyyə festivalı keçirildi – FOTO

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənəvi Payız festivalı – “Məhsul bayramı” keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

“Xəbər Yerində” AZƏRTAC-a istinadən xəbər verir ki, festivala dövlət və hökumət rəsmiləri, tərəfdaş şirkətlərin nümayəndələri və ictimaiyyət təmsilçiləri də qatılıblar.

Üç yeni heykəltəraşlıq əsərinin açılışı olub

Festival çərçivəsində Heykəltəraşlıq Simpoziumunun yekunu olaraq ADA Məktəbində üç yeni heykəltəraşlıq əsərinin açılışı keçirilib.

Azərbaycan heykəltəraşları Kamran Əsədov, Müşfiq Heydərov və İmran Mehdiyevin müəllifi olduqları əsərlərin hazırlanmasında məktəblilər də iştirak ediblər. Layihənin məqsədi şagirdlərin ideya və təxəyyüllərini heykəllərin ilkin eskizlərində əks etdirmək və onları yaradıcılıq prosesinə cəlb etmək olub.

Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik ənənələrini yaşatmaq və gənc nəslin cəmiyyətə faydalı şəxsiyyətlər kimi yetişməsinə töhfə verməkdir.

Festivalda musiqi və rəqs nömrələri təqdim olunub

Tədbir bədii proqramla davam edib. ADA Məktəbinin, Q. Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin, F. Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət Məktəbinin, eləcə də 24 və 33 nömrəli 11 illik musiqi məktəblərinin şagirdləri musiqi, rəqs və yaradıcı çıxışlar nümayiş etdiriblər.

Xeyriyyə sərgi-satışından əldə olunan vəsait sosial layihələrə yönəldiləcək

Festival çərçivəsində ADA Məktəbinin şagirdlərinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin əl işlərindən, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə sərgi-satışı təşkil olunub.

Satışdan əldə ediləcək vəsait təhsilyönümlü sosial layihələrin həyata keçirilməsinə sərf olunacaq.

Qeyd edək ki, ötən il keçirilən “Məhsul bayramı”nda 27 min 309 manat vəsait toplanıb. Həmin vəsait hesabına “Zəfər Teatrı”, “Hekayələr”, “Qızlar evi”, “Qonşuluq (Şəhərsalma)” və “Qala Cəmiyyəti” adlı beş sosial layihə həyata keçirilib. Bu layihələrdən ümumilikdə 600 nəfər faydalanıb.

Festivalın əsas və daimi tərəfdaşı “Veysəloğlu” Şirkətlər Qrupu və ona daxil olan “Veysəloğlu Distribusiya”, “Ulduz”, “Araz”, “OBA”, “Xonça”, “Veysəloğlu-Rossmann”, “Decoliv”, “O to Go” və “Entree” şirkətləri olub.

Bayramda Azərbaycanın müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək və şirniyyat məhsulları, digər yerli istehsal nümunələri və qeyri-qida malları da satışa çıxarılıb.

Tədbirə təşkilati dəstəyi “Azərpambıq”, “Təmiz Şəhər”, “AZ Projects GROUP” və “Liv Bona Dea Hospital” göstərib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir