Xəbər Yerində xəbər verir ki, Ağdamda 57 yaşlı Zakir Hüseynovun öldürülməsi ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub.
Məlumata görə, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ailə münaqişəsi səbəbindən ata evinə getməsi səbəb olub. Qadını geri aparmaq üçün qayınatasının evinə gələn E.Qənbərov həyat yoldaşının onunla qayıtmaqdan imtina etməsi ilə qarşılaşıb.
Qayınatası kürəkəninə qadının bir neçə gün ata evində qalmasına razı olmağı və vəziyyət sakitləşdikdən sonra məsələni yenidən müzakirə etməyi təklif edib.
Bundan sonra E.Qənbərovun gecə saatlarında yenidən həmin evə qayıtdığı bildirilir. O, pəncərənin qoruyucu torunu cıraraq evə daxil olub və yatmış vəziyyətdə olan qayınatasını bıçaqlayıb.
Nəticədə 1969-cu il təvəllüdlü Zakir Hüseynov həyatını itirib. Qətldə şübhəli bilinən 1996-cı il təvəllüdlü Eldəniz Qənbərov saxlanılıb.
Məlumata görə, E.Qənbərov daha əvvəl də həyat yoldaşına qarşı zor tətbiq edib və ona xəsarətlər yetirib. Ailənin ötən ilin sonunda ARB TV-də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etdiyi də bildirilir. Verilişdə qadının gözündə yaranan problemin həyat yoldaşı tərəfindən döyülməsi nəticəsində baş verdiyi qeyd olunub.
Eldəniz Qənbərov və həyat yoldaşının nikahından 5 övladının olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo

