Qızılağac Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan şəxslərə qarşı polis tərəfindən əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları milli parkın su hövzəsində qanunsuz balıq ovlayan İ.Əhmədovu saxlayıblar. Onun üzərindən müxtəlif növ balıqlar və istifadəsi qadağan edilən ov vasitələri götürülüb.
Digər əməliyyat zamanı isə milli parkın ərazisində qanunsuz ov edən E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalov müəyyən edilərək saxlanılıblar.
Həmin şəxslərdən sənədləri olmayan 4 ov tüfəngi, həmçinin qanunsuz ovlandığı bildirilən və “Qırmızı Kitab”a daxil edilmiş müxtəlif növ 72 çöl quşu aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Polis əməkdaşları su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə nəzarət tədbirlərini davam etdirirlər.

