“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Xəbər Yerində “APA”ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmədən barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, birinci instansiya məhkəməsinin hökmü ilə Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmova 3 il 6 ay, Natiq Əliyevə isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Cəzalar Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunub və hər üç şəxs üçün 2 il sınaq müddəti müəyyənləşdirilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev barəsində Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə ittihamı irəli sürülüb.

