Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 12-də I və IV ixtisas qrupları, həmçinin III ixtisas qrupu üzrə həm DT, həm də TC altqruplarını seçən abituriyentlər üçün coğrafiya fənnindən keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb.
DİM-dən Xeberyerinde-ye verilən məlumata görə, abituriyentlər imtahan nəticələrini, cavab kartı və cavab vərəqinin qrafik təsvirlərini, eləcə də açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarını müvafiq platforma vasitəsilə əldə edə bilərlər.
Bundan başqa, nəticələri mobil operatorlar (Azercell, Bakcell və Nar) üzərindən də öyrənmək mümkündür. Bunun üçün imtahana buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə SMS kimi göndərmək kifayətdir.
Statistikaya əsasən, imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 30 300 nəfərdən 916-sı imtahana qatılmayıb. Onlardan 764 nəfəri I, 152 nəfəri isə IV ixtisas qrupunun abituriyentləri olub. Qaydaları pozduqlarına görə 16 nəfər imtahandan xaric edilib və onların nəticələri etibarsız sayılıb.
III ixtisas qrupu üzrə həm DT, həm də TC altqruplarını seçmiş 6 057 abituriyentdən isə 1 256 nəfər coğrafiya imtahanında iştirak etməyib.
Nəticələrə əsasən, I ixtisas qrupu üzrə maksimum 400 balı 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər toplayıb.
Hər iki mərhələnin yekun nəticəsinə görə I ixtisas qrupunda ən yüksək göstərici 697,5 bal olub. Bu nəticəni Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Həsənli Zəfər İlqar oğlu və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin (Ə. Əliyev adına) məzunu Məhərrəmli Aysu Sakit qızı əldə ediblər.
IV ixtisas qrupunda isə maksimum nəticə – 700 bal Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tağızadə Samir Hikmət oğlu tərəfindən toplanıb.
Qeyd edək ki, qəbul imtahanının birinci mərhələsində ən çox 300, ikinci mərhələsində isə 400 bal toplamaq mümkündür. Abituriyentlərin yekun nəticəsi hər iki mərhələdə qazandıqları balların cəminə əsasən müəyyən edilir.

