Ramiz Əzizbəylinin kürəkəni həbs edildi – Zərər 600 min manatı ötür
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində qərar qəbul olunub. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, onların zərərçəkmişlərə vurduğu ziyanın ümumi məbləği 600 min manatdan çoxdur.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə ittiham irəli sürülüb.
Qızıl-zinət əşyalarının satışı adı ilə dələduzluq
Qeyd edək ki, Rüfət Qasımzadə bu ilin fevral ayından külli miqdarda dələduzluqda ittiham olunur. Həmin vaxt onunla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb və polis tərəfindən araşdırma aparıldığı bildirilib.
Daha sonra Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə saxlanılıblar.
Onlar qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq etməkdə şübhəli biliniblər.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

