Avqustun 28-i saat 09:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Xəbər Yerində-yə verilən məlumata görə, ötən axşam və gecə Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağış qısamüddətli və leysan xarakterli, intensiv olub.
Ən çox yağıntı Gədəbəydə qeydə alınıb – 20 mm. Bu, aylıq normanın 37 faizinə bərabərdir. Qusarda 5 mm, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Göygöl, Qrız, Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), eləcə də Bakı və Abşeron yarımadasında isə 1 mm-dək yağıntı düşüb.
Külək güclənib
Bəzi ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 23 m/s, Neftçala və Culfada isə 18 m/s-dək güclənib.
Qrız və Şahdağda duman müşahidə olunub.
Temperatur 38 dərəcəyə çatıb
Ötən sutka ərzində havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 31°, Naxçıvan MR-da 38°, Aran rayonlarında 37°, dağlıq rayonlarda isə 26° isti olub.

