Xəbər Yerində xəbər verir ki, Rusiya sentyabrın 15-dən etibarən Ermənistana təbii qaz nəqlini müvəqqəti dayandıracaq.
“Qazprom Ermənistan”ın məlumatına görə, “Şimali Qafqaz–Zaqafqaziya” magistral qaz kəmərinin Rusiyadan keçən hissəsində planlı profilaktik və təmir işləri aparılacaq. Bu səbəbdən qaz nəqli sentyabrın 15-dən 25-dək məhdudlaşdırılacaq.
Şirkət bildirib ki, fasilə müddətində Ermənistanın istehlakçıları qazsız qalmayacaq. Yaranacaq tələbat daxili ehtiyatlar və İrandan əlavə qaz tədarükü hesabına qarşılanacaq.
Təmir işləri başa çatdıqdan sonra Rusiyadan Ermənistana qaz nəqlinin sentyabrın 25-də bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, qərarın elan olunduğu dövrdə Moskva ilə İrəvan arasında münasibətlərdə gərginlik davam edir. Bununla belə, qaz nəqlinin dayandırılmasının siyasi səbəblərlə bağlı olduğunu təsdiqləyən rəsmi məlumat yoxdur.
Mənbə: Musavat.com

