Rusiyada azərbaycanlı sahibkarlara təhdid: “Mandarin”də insident yaşanıb

Rusiyada azərbaycanlı sahibkarlara təhdid: “Mandarin”də insident yaşanıb

Azərbaycanlı iş adamı Qod Nisanova məxsus Moskvanın Şolkovski prospektində yerləşən “Mandarin” Ticarət Mərkəzində insident baş verib.

Xeberyerinde-nin “Gununsesi.info”dan əldə etdiyi məlumata görə, kriminal aləmdə “Zayka” ləqəbi ilə tanınan Azərbaycan əsilli Zaur Əliyev və onun qardaşı Azər Əliyev bir qrup tərəfdarı ilə birlikdə ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların qarşısına çıxaraq müəyyən tələblər irəli sürüblər.

İddiaya görə, həmin şəxslər bazarda obyekt işlədən azərbaycanlı sahibkarlardan mütəmadi olaraq pul tələb edib, bu tələblə razılaşmayanları isə ölümlə hədələyiblər.

Bildirildiyinə görə, onlar bundan sonra ticarət mərkəzində çalışan şəxslərin onların nəzarəti altında olacağını və hər ay müəyyən məbləğ ödəməli olduqlarını açıqlayıblar. Hadisə ilə bağlı yayılan görüntülərdə sözügedən şəxslərin ticarət mərkəzində hərəkət etdiyi görünür.

Məlumata əsasən, həmin qrup daha əvvəl Moskvanın məşhur “Food City” bazarında çalışan, Şəmkir rayonundan olan iş adamı Cəlal Məmmədovdan da pul tələb edib. İddialara görə, tələbi qəbul etməyən sahibkar öz evinin qarşısında ağır şəkildə döyülüb. Daha sonra yenidən təhdidlərlə üzləşən Məmmədovun qarşı tərəfə böyük məbləğdə pul ödədiyi bildirilir.

Həmçinin Rusiyada fəaliyyət göstərən digər azərbaycanlı iş adamları Qalib və Arzu adlı qardaşların da həmin şəxslər tərəfindən təhdid edildiyi iddia olunur.

Qeyd edilir ki, 2014-cü ildə qardaşlardan birinin oğurlanması ilə bağlı cinayət işi üzrə Rusiya hüquq-mühafizə orqanları araşdırma aparıb və hadisənin üstü açılıb. Zaur Əliyev və qardaşı bu iş üzrə həbs olunsalar da, 2021-ci ildə Ukraynadakı müharibəyə göndərilmələri ilə bağlı qərardan sonra azadlığa buraxıldıqları bildirilir.

Kriminal qrupların diqqətində olduğu iddia edilən Qalib və Arzu qardaşlarının daha sonra Rusiyadan Azərbaycana qayıdaraq Qarabağda kənd təsərrüfatı sahəsində fəaliyyətə başladıqları qeyd olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir