Rusiyada seçki başa çatdı: Putinin partiyası neçə faiz topladı?

Rusiyada seçki başa çatdı: Putinin partiyası neçə faiz topladı?

Xəbər Yerində xəbər verir ki, Rusiyada Dövlət Dumasının yeni deputatlarının müəyyənləşdirilməsi məqsədilə keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 95,45 faizi hesablanıb. İlkin nəticələrə əsasən, prezident Vladimir Putinin partiyası olan “Vahid Rusiya” 57,82 faiz səs toplayaraq seçkidə ilk sırada qərarlaşıb.

Seçkilərdə iştirak göstəricisi isə 59,32 faiz olub.

Hesablanmış səslərə əsasən, Kommunist Partiyası 13,8 faiz, Liberal Demokrat Partiyası 8,99 faiz, “Yeni İnsanlar” Partiyası isə 7,96 faiz səs əldə edib.

Əvvəlki çağırışda parlamentdə təmsil olunan “Ədalətli Rusiya” Partiyası isə hazırkı nəticələrə görə 4,96 faiz səs toplayıb və hələlik seçki baryerini keçə bilməyib.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, “Ədalətli Rusiya”nın seçki baryerini keçmək üçün hələ şansı qalır.

İlkin nəticələrə əsasən, “Vahid Rusiya” 208 birmandatlı seçki dairəsində də birinci olub. Pamfilovanın açıqlamasına görə, hazırkı nəticələr partiyanın 450 yerlik Dövlət Dumasında ümumilikdə 355 mandat əldə edə biləcəyini göstərir.

Dövlət Dumasındakı 450 deputat mandatı uğrunda seçkilərdə 10 siyasi partiya mübarizə aparıb.

Seçkilərin Rusiya ilə Ukrayna arasında 2022-ci ildən davam edən müharibə şəraitində keçirilməsi də diqqət çəkən məqamlardan biri olub.

Qeyd edək ki, 2021-ci ildə keçirilmiş Dövlət Duması seçkilərində seçici fəallığı 51,72 faiz təşkil edib. Həmin seçkidə “Vahid Rusiya” 49,82 faiz səs toplayaraq 324 mandat əldə etmişdi.

2021-ci il seçkilərində Kommunist Partiyası 57, “Ədalətli Rusiya” 27, Liberal Demokrat Partiyası 21, “Yeni İnsanlar” isə 13 deputat mandatı qazanmışdı.

Rusiyada Dövlət Dumasının 450 deputatından 225-i partiya siyahıları üzrə, digər 225-i isə birmandatlı seçki dairələri üzrə müəyyənləşdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir