Xəbər Yerində xəbər verir ki, 14-18 sentyabr 2026-cı il tarixlərində Avstriyanın paytaxtı Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 70-ci Növbəti Sessiyası təşkil olunub.
Tədbirdə 181 üzv dövlətdən 3 mindən çox nümayəndə iştirak edib. Azərbaycan sessiyada fövqəladə hallar nazirinin müavini Yusif Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Nümayəndə heyətinin tərkibinə aidiyyəti qurumların müvafiq vəzifəli şəxsləri də daxil edilib.
Sessiya zamanı çıxış edən Yusif Nəbiyev Azərbaycanla AEBA arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunub.
O, həmçinin böyükmiqyaslı kütləvi tədbirlər zamanı nüvə təhlükəsizliyinin təmin olunması ilə bağlı texniki missiya çərçivəsində həyata keçirilən əməkdaşlıq barədə danışıb.
Çıxışda hüquqi, tənzimləyici və texniki infrastrukturun inkişafı istiqamətində görülən işlərə də diqqət çəkilib. Bununla yanaşı, səhiyyə, kənd təsərrüfatı və ətraf mühit sahələrində nüvə və izotop texnologiyalarından istifadə məsələləri müzakirə olunub.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti AEBA-nın müxtəlif struktur bölmələrinin təmsilçiləri və digər ölkələrdən olan nümayəndə heyətləri ilə bir sıra ikitərəfli görüşlər də keçirib.



