Rusiyadan 96 min özbək geri qayıtdı – azərbaycanlı miqrantları da eyni aqibət gözləyir?

Rusiyadan 96 min özbək geri qayıtdı – azərbaycanlı miqrantları da eyni aqibət gözləyir?

Xəbər Yerində xəbər verir ki, avqustun 25-dən sentyabrın 5-dək 96 415 Özbəkistan vətəndaşı Rusiyadan ölkəsinə qayıdıb.

Özbəkistan Miqrasiya Agentliyinin açıqladığı rəqəm Rusiyada miqrantlar üçün sərtləşdirilən qaydaları və əmək bazarında baş verən dəyişiklikləri yenidən gündəmə gətirib.

Bəs Rusiyada çalışan azərbaycanlı miqrantlar üçün də oxşar vəziyyət yarana bilərmi?

“Rusiyada ciddi sistemli dəyişiklik baş verir”

Deputat Azər Allahverənov Musavat.com-a açıqlamasında bildirib ki, Özbəkistan vətəndaşları Rusiyada say baxımından ən böyük miqrant qruplarından biridir.

Onun sözlərinə görə, özbək miqrantların əhəmiyyətli hissəsi Rusiyada ailələri ilə birlikdə yaşayır. Bu səbəbdən miqrasiya qaydalarında baş verən dəyişikliklər onların vəziyyətinə daha ciddi təsir göstərə bilər.

Deputat qeyd edib ki, Rusiyada miqrasiya sahəsində həm qanunvericilik, həm də ölkədə qalmaq və işləmək prosedurları baxımından ciddi dəyişikliklər həyata keçirilir:

“Yeni miqrasiya qaydalarının qüvvəyə minməsi, yeni şərtlərin irəli sürülməsi və qadağaların tətbiq edilməsi ölkədə tamamilə yeni mənzərə formalaşdırır”.

Miqrantların geri qayıtmasının səbəbləri

Allahverənov hesab edir ki, Özbəkistan vətəndaşlarının kütləvi şəkildə Rusiyanı tərk etməsinin bir neçə səbəbi ola bilər.

Deputatın sözlərinə görə, miqrantlara münasibətdə siyasi yanaşmaların dəyişməsi, Rusiya-Ukrayna müharibəsi fonunda xarici vətəndaşların döyüşlərə cəlb olunması ilə bağlı məsələlər və əmək bazarındakı vəziyyət bu prosesə təsir göstərir.

O, xüsusilə tikinti sektorundakı vəziyyətə diqqət çəkib. Bildirib ki, özbək miqrantların bir hissəsi məhz tikinti sahəsində çalışır və soyuq mövsümün yaxınlaşması ilə bəzi tikinti layihələrinin dayanması iş yerlərinin azalmasına səbəb ola bilər.

Bu halda işsiz qalan miqrantlar ya Rusiyanın digər sahələrində iş axtarmalı, ya da ölkələrinə qayıtmalı olurlar.

Azərbaycanlı miqrantlarla bağlı vəziyyət necədir?

Deputat bildirib ki, Rusiyada yeni miqrasiya qaydalarından azərbaycanlılar da müəyyən dərəcədə təsirlənə bilər. Lakin hazırda Azərbaycan vətəndaşlarının kütləvi şəkildə Rusiyadan qayıtması müşahidə olunmur.

Allahverənov bunun əsas səbəblərindən birinin say fərqi olduğunu qeyd edib. Onun sözlərinə görə, Özbəkistan və Tacikistan vətəndaşları Rusiyada say baxımından ən böyük miqrant qrupları sırasında yer aldığı halda, azərbaycanlılar daha aşağı mövqedədir.

Deputatın fikrincə, Rusiyada tətbiq edilən yeni qaydalar əmək bazarında və ölkə iqtisadiyyatında ciddi problemlər yaradarsa, hökumətin müəyyən şərtləri yumşaltması da mümkündür.

Əmək bazarında çatışmazlıq yarana bilər

Allahverənov miqrantların Rusiyanı tərk etməsinin ölkənin əmək bazarına da təsir göstərə biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, miqrant axınının azalması xüsusilə onların daha çox çalışdığı tikinti və digər sahələrdə işçi çatışmazlığına səbəb ola bilər.

Hazırda isə Azərbaycan vətəndaşları ilə bağlı Özbəkistanda müşahidə olunan miqyasda kütləvi qayıdış barədə məlumat yoxdur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir