Xəbər Yerində xəbər verir ki, sentyabrın 19-u üçün Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Bakıda temperatur 29 dərəcəyə çatacaq
Paytaxt və Abşeronda gecə temperaturu 20-23, gündüz isə 25-29 dərəcə isti olacaq. Nisbi rütubətin 65-75 faiz təşkil edəcəyi bildirilir.
Bəzi rayonlarda leysan və dolu gözlənilir
Ölkənin əksər bölgələrində hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı proqnozlaşdırılır.
Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə oluna bilər.
Rayonlarda gecə temperaturu 18-22, gündüz 29-33, dağlarda isə gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

