Xəbər Yerində xəbər verir ki, sentyabrın 13-də Azərbaycanın bəzi rayonlarında, əsasən gündüz saatlarında, arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, cənub-şərq rayonlarında və dağlıq ərazilərdə yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimal edilir. Həmin ərazilərdə şimşək çaxacağı və dolu düşəcəyi də istisna edilmir.
Yağıntılı hava şəraiti ilə əlaqədar bəzi çaylarda sululuğun artacağı ehtimal olunur. Gecə və səhər saatlarında ayrı-ayrı dağlıq ərazilərdə duman müşahidə edilə bilər.
Bakıda və Abşeron yarımadasında isə havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi bildirilir. Cənub-şərq küləyi əsəcək.
Paytaxtda gecə temperaturu 17-21°, gündüz 26-30° isti olacaq.
Rayonlarda havanın temperaturu gecə 16-20°, gündüz 28-33° isti, dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 18-23° isti təşkil edəcək.

