Sabahdan metroda böyük dəyişiklik: “28 May”–“Nizami” xətti 11 ay işləməyəcək

Sabahdan metroda böyük dəyişiklik: “28 May”–“Nizami” xətti 11 ay işləməyəcək

Sabahdan Bakı metrosunda “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsi ilə bağlı əsas tikinti mərhələsinə start veriləcək.

Xeber Yerinde xəbər verir ki, “AZCON Holding”ə daxil olan “Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən işlərin təxminən 10-11 ay davam edəcəyi gözlənilir. Bu müddətdə “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılacaq.

Layihə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində reallaşdırılır.

Əsas məqsəd “qırmızı” və “yaşıl” xətlər arasındakı asılılığı aradan qaldırmaq, stansiyalarda sərnişin sıxlığını azaltmaq, qatarlar arasında intervalı minimuma endirmək və metroda hərəkətin dayanıqlılığını artırmaqdır.

İşlər başa çatdıqdan sonra “İçərişəhər” istiqamətinə gedən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə hərəkət edənlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər.

Eyni zamanda, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən ikinci sərnişin pilləkəninin tikintisinin də yekunlaşdırılması nəzərdə tutulur. Yeni keçidin istifadəyə verilməsi sərnişinlərin iki stansiya arasında daha rahat və sürətli hərəkətinə imkan yaradacaq.

Layihə çərçivəsində “yaşıl” xəttə xidmət edəcək “Dərnəgül” elektrik deposunun tikintisinin ikinci mərhələsi də tamamlanmaq üzrədir. Növbəti mərhələdə “Cəfər Cabbarlı” ilə “Nizami” stansiyalarını birləşdirəcək 200 metrlik yeni tunellərin inşasına başlanacaq.

Tikinti müddətində metroda hərəkət sxemi belə olacaq:

  • “28 May”–“Nizami”: Bu stansiyalar arasında sərnişindaşıma tam dayandırılacaq.
  • “Qırmızı xətt”: Qatarlar “İçərişəhər”–“Əhmədli” istiqamətində 2 dəqiqə 30 saniyəlik intervalla hərəkət edəcək. “Əhmədli”–“Həzi Aslanov” sahəsində təmir başa çatanadək mövcud məkik hərəkət rejimi saxlanılacaq.
  • “Yaşıl xətt”: “Dərnəgül”–“Nizami” istiqamətində qatarlar 3 dəqiqə 30 saniyəlik intervalla işləyəcək.
  • “Cəfər Cabbarlı”–“Xətai”: Məkik hərəkət rejimi dəyişməyəcək və interval 7 dəqiqə olacaq.
  • “Bənövşəyi xətt”: “Xocəsən”–“8 Noyabr” marşrutu üzrə 8 dəqiqəlik interval qorunacaq.

Bundan başqa, “İçərişəhər” dönmə kamerasının tikintisi də davam etdirilir. Layihənin 2028-ci ilin ikinci yarısında başa çatdırılması planlaşdırılır. Bütün nəzərdə tutulan infrastruktur istifadəyə verildikdən sonra hər iki xətt üzrə qatarlar arasındakı intervalın 2 dəqiqəyə qədər azaldılması mümkün olacaq.

“28 May” və “Nizami” arasında metro əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar sərnişinlərin daşınması üçün yerüstü nəqliyyatda əlavə tədbirlər görüləcək. AYNA tərəfindən 6 yeni ekspres avtobus marşrutu yaradılıb, eyni zamanda bir sıra mövcud xətlər üzrə avtobusların sayı artırılacaq.

Yeni ekspres marşrutlar bunlardır:

M1 – “Elmlər Akademiyası”–“28 May”
M2 – “İnşaatçılar”–“Nizami”–“28 May”
M3 – “20 Yanvar”–“Nizami”–“28 May”
M4 – “20 Yanvar”–“Koroğlu”
M5 – “20 Yanvar”–“Gənclik”
M6 – “Elmlər Akademiyası”–“Gənclik”

Ekspres avtobuslar ödənişli əsaslarla fəaliyyət göstərəcək və metronun iş qrafikinə uyğun olaraq saat 06:00-dan 00:00-dək sərnişin daşıyacaq.

Həmçinin 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlarda avtobusların sayının artırılması və intervalın qısaldılması planlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir