Sahibkarlara qarşı külli miqdarda dələduzluq faktı ilə bağlı cinayət işi başlanıb.
APA-ya istinadən xəbər verir ki, ittihama görə, Nadir Allahverdiyev adlı şəxs spirtli içkilərin və ət məhsullarının satışı ilə məşğul olan sahibkarlardan mal alaraq ödəniş öhdəliklərini yerinə yetirməyib.
Nəticədə zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurulub.
İstintaq dövründə təqsirləndirilən şəxs 40 min manat ödəyib. Onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Zərərçəkmişlər arasında şirkətlər də var
Cinayət işi üzrə “Polad SR” MMC, “Organic Line” QSC, “ALKO LMD AZƏR SPİRT 2024” MMC və Kamran İsayev zərərçəkmiş qismində tanınıblar.
Nadir Allahverdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Neymət Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 16-na təyin edilib.

