Kolumbiyalı dünya şöhrətli müğənni Şakira ölkəsində baş verən güclü zəlzələdən zərər çəkmiş bölgəyə səfər edib.
Xəbər Yerində xarici mediaya istinadən xəbər verir ki, sənətçi avqustun 17-də Kolumbiyanın Çoko departamentinin paytaxtı Kivdoya gedərək zəlzələdən zərər çəkən əraziləri və məktəbləri ziyarət edib.
Şakira səfəri zamanı uşaqların təhsil şəraitinin bərpasına diqqət çəkib. O, özünün “Pies Descalzos” fondu vasitəsilə Çokoda 10 yeni məktəbin tikintisinə dəstək verəcəyini açıqlayıb.
Müğənni həmçinin zəlzələ nəticəsində zərər görən Çoko Texnologiya Universitetinin bərpasına şəxsi səylərini həsr edəcəyini bildirib. Bu layihəyə ABŞ-li xeyriyyəçi Hovard Baffett də dəstək verəcək.
Bundan başqa, məktəblərin yenidən qurulması üçün ilkin olaraq 1,25 milyon dollar vəsait ayrılması nəzərdə tutulub. Məbləğin 500 min dolları FIFA Global Citizen Education Fund, 500 min dolları Live Nation, 250 min dolları isə CAF İnkişaf Bankı tərəfindən qarşılanacaq.
Qeyd edək ki, Kolumbiyada avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələ xüsusilə ölkənin qərbində ciddi dağıntılara səbəb olub. Çoko bölgəsi ən çox zərər çəkən ərazilərdən biri olub.
Şakira səfəri zamanı zəlzələdən zərərçəkənlərlə görüşərək təhsilin bərpasının prioritet olduğunu vurğulayıb.

