Saxta kredit səhifələri ilə vətəndaşları aldadırdı – Şəxs həbs edildi

Saxta kredit səhifələri ilə vətəndaşları aldadırdı – Şəxs həbs edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələr və “WhatsApp” vasitəsilə həyata keçirilən kiberdələduzluq hallarına qarşı növbəti əməliyyat keçirib.

Əməliyyat zamanı vətəndaşların bank məlumatlarını ələ keçirməkdə şübhəli bilinən Elcan Cəfərov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, E.Cəfərov bank olmayan kredit təşkilatlarının rəsmi sosial şəbəkə səhifələrinə bənzəyən saxta hesablar yaradıb. Daha çox şəxsi cəlb etmək üçün həmin səhifələri sosial şəbəkələrdə və “WhatsApp” qruplarında reklam edib.

Saxta səhifələrə daxil olan şəxslərdən kredit rəsmiləşdirilməsi bəhanəsi ilə bank kartlarının nömrəsi, son istifadə müddəti, CVV və OTP kodları tələb olunub.

Əldə etdiyi məlumatlardan istifadə edən şübhəli şəxsin vətəndaşların kartlarındakı pulları müxtəlif şəxslərin hesablarına köçürdüyü və daha sonra həmin vəsaitləri nağdlaşdırdığı müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. E.Cəfərov barəsində cinayət məsuliyyəti tətbiq edilib və məhkəmənin qərarı ilə onun haqqında həbs qətimkan tədbiri seçilib.

DİN vətəndaşlara sosial şəbəkələrdə qarşılarına çıxan kredit elanlarının etibarlılığını əvvəlcədən yoxlamağı tövsiyə edib. Qurum xüsusilə bank kartı məlumatlarının, CVV/CVC və SMS vasitəsilə göndərilən OTP kodlarının tanımadıqları şəxslərə və şübhəli saytlara təqdim edilməməsinin vacibliyini vurğulayıb.

Nazirlik xatırladıb ki, banklar, dövlət qurumları və digər rəsmi təşkilatlar telefon, mesaj və ya sosial şəbəkələr vasitəsilə PIN, CVV/CVC və OTP kimi məxfi məlumatları tələb etmirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir