“Xəbər Yerində” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının müdiri Elnurə Əliyeva vəzifəsindən azad edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, bağçada aparılan araşdırmanın nəticələrinə əsasən, təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunması ilə bağlı nöqsanlara yol verildiyi müəyyənləşdirilib.
Bu səbəbdən bağçanın müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Hazırda direktor vəzifəsinin müvəqqəti olaraq başqa şəxsə həvalə olunduğu bildirilir.
Bağça ilə bağlı əvvəl də şikayətlər olub
Qeyd edək ki, 98 saylı uşaq bağçası ilə bağlı son illərdə müxtəlif şikayət və araşdırmalar barədə məlumatlar yayılıb.
2023-cü ilin yanvarında prokurorluq bağçada 2018-2022-ci illəri əhatə edən yoxlamanın nəticələri ilə bağlı məlumat yayıb. Həmin vaxt dövlət əmlakının mənimsənilməsi, valideynlərdən pul yığılması və işləməyən şəxslər üçün saxta əməkhaqqı sənədlərinin hazırlanması şübhələri üzrə cinayət işi başlanıldığı açıqlanmışdı.
Qeyd olunan hallar araşdırılan şübhələrə aid olub və özlüyündə bağça direktorunun təqsirini təsdiqləmir.
2025-ci ildə isə bəzi valideynlər bağçada uşaqlara yeməyin az verilməsi ilə bağlı şikayət etmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələni araşdırdığını bildirmişdi.
Bu il də bağça ilə bağlı iddialar səsləndirilib
Bu ilin sentyabrında bağçaya gedən uşağın qanında psixotrop dərman aşkarlanması barədə sosial şəbəkələrdə iddia yayılmışdı. Təhsil idarəsi məsələ ilə bağlı araşdırmaya başlanıldığını və hüquq-mühafizə orqanlarına müraciət edildiyini açıqlamışdı.
Həmin ay yayılan başqa bir məlumatda isə valideyn bağçadakı özəl qrupa qəbul üçün aylıq 100 manat tələb olunduğunu iddia etmiş və bu məsələdə direktorun adını çəkmişdi.
Bu iddialarla bağlı yekun araşdırma nəticələri barədə məlumat verilməyib.
Təhsil İdarəsi: Neqativ hallar yolverilməzdir
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, təhsil müəssisələrində hər hansı neqativ halın baş verməsi yolverilməzdir.
İdarə qeyd edib ki, təlim-tərbiyə müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması və sağlam işgüzar mühitin təmin olunması əsas prioritetlərdəndir.
Vurğulanıb ki, yol verilən nöqsanlara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi daim diqqətdə saxlanılır.

