Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 16 vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.
Xeberyerinde-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, repatriantların 9-u uşaq, 7-si qadındır. Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib:
“Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək təfsilatlı qiymətləndirmə aparacaqlar”.
Həmçinin bildirilib ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Hazırda 84 repatriantla sosial reabilitasiya işi davam etdirilir.




