Sumqayıtda SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin Abşeron İstehsalat Bölümünə məxsus Neft Təhvili Sahəsində yanğınların söndürülməsi üzrə təlim keçirilib.
“Xəbər Yerində” xəbər verir ki, təlim Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə baş tutub.
Təlimə FHN-in yerli strukturlarının əməkdaşları ilə yanaşı, Neft Təhvili Sahəsinin işçiləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Təlimin əsas məqsədi strateji əhəmiyyətli və yüksək yanma qrupuna aid məhsulların emal edildiyi obyektlərdə yanğın zamanı müxtəlif qurumların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi olub. Həmçinin yanğınsöndürənlərin peşəkar hazırlığının artırılması və obyekt əməkdaşlarının fövqəladə vəziyyət zamanı ilkin davranış qaydaları üzrə biliklərinin möhkəmləndirilməsi hədəflənib.
Ssenariyə uyğun olaraq ərazidə şərti yanğın baş verib. Hadisə yerinə operativ şəkildə çatan yanğından mühafizə bölmələri əməkdaşların təhlükəli zonadan təxliyəsini həyata keçirib, ərazidə kəşfiyyat aparıb, şərti yanğını söndürüb və “yaralıların” xilas edilməsi üzrə əməliyyat keçirib.
Təlimin yekununda nəticələr aidiyyəti şəxslərin iştirakı ilə müzakirə olunub və qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verilib.

