İyulun 14-də Şuşa şəhərində Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi təşkil olunub.
Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya liderinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrininini qarşılayıb.
Mərasim zamanı fəxri qarovul dəstəsinin rəisi Slovakiya Prezidentinə raport verib, daha sonra Azərbaycan və Slovakiyanın Dövlət himnləri səsləndirilib.
Hərbi marşın müşayiəti ilə fəxri qarovul dəstəsi Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin qarşısından keçib.
Daha sonra Azərbaycan və Slovakiya nümayəndə heyətlərinin üzvləri dövlət başçılarına təqdim olunub.
Rəsmi qarşılanma mərasiminin sonunda Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini birgə foto çəkdiriblər.








