Xəbər Yerində xəbər verir ki, Bakının Səbail rayonunda yerləşən binanın sakinləri ərazidəki antisanitar vəziyyətdən narazıdırlar.
Yüzbəy Mürsəlov küçəsi, 147 ünvanındakı binanın sakinlərinin sözlərinə görə, kanalizasiya sisteminin yararsız vəziyyətdə olması çirkab sularının ətrafa yayılmasına səbəb olur.
Sakinlər bildiriblər ki, problem xüsusilə binanın birinci mərtəbəsinə və həyətə ciddi təsir göstərir. Yağıntılı havalarda isə ərazidə vəziyyət daha da ağırlaşır.
Sakinlərdən biri binanın 1914-cü ildən istifadədə olduğunu deyərək ərazidə uzun müddətdir ciddi problemlərin yaşandığını vurğulayıb. Onun sözlərinə görə, əvvəlki güclü yağış zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə yaranan palçığı təmizləmək məcburiyyətində qalıblar.
Sakinlər əsas problemlərdən birinin binanın arxa hissəsindən keçən kanalizasiya suları olduğunu bildirirlər.
Bundan başqa, binanın arxa tərəfində yerləşən dağlıq ərazidə torpaq sürüşməsi təhlükəsinin yarandığı da iddia edilir.
Məsələ ilə bağlı daha ətraflı məlumat Baku TV-nin süjetində təqdim olunub.

