Xəbər Yerində xəbər verir ki, Şəkidə “Zipline” qəzasında həyatını itirən Coşqun Məmmədzadənin dayısı İftixar Saadov hadisə ilə bağlı danışıb.
O bildirib ki, faciə barədə ilk məlumatı özü alıb. İftixar Saadov hadisə yerinə getdikdən sonra əvvəlcə Coşqunu başqa meyitlə səhv saldığını deyib.
Dayısının sözlərinə görə, daha sonra Coşqunun meyiti təxminən 200 metr aralıda aşkarlanıb. O, mərhumun yanında sevdiyi qızın da olduğunu bildirib.
İftixar Saadov hadisənin necə baş verdiyi ilə bağlı ona trosun silkələndiyi və “rolik”in yerindən çıxdığının deyildiyini qeyd edib.
Mərhumun dayısı iki nəfərin eyni vaxtda xəttə buraxılmasına da diqqət çəkib. Onun sözlərinə görə, “rolik”in 240 kiloqram çəkiyə davamlı olduğu bildirilib və iki şəxsin ümumi çəkisinin də təxminən bu qədər olduğu deyilib.
O, normalda bir nəfərin xəttin sonuna çatmasından sonra digərinin buraxılmalı olduğunu vurğulayıb.
Mənbə: Xəzər Xəbər

