Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Tərtər rayonunun Hacıqərvənd kəndində baş verib.
Kənd sakini, 1993-cü il təvəllüdlü İlkin Cabbarlı 2012-ci ildə ailə qurub. Onların birgə nikahdan üç övladı dünyaya gəlib.
Məlumata görə, bir müddət əvvəl İlkin dostunun toy məclisinə ailəvi dəvət olunub. O, həyat yoldaşına toy məclisinə birlikdə getməyi təklif etsə də, qadın bundan imtina edib.
İlkin toy məclisinə tək gedib. Dostu isə onun toya tək gəlməsinə görə irad bildirib.
Evdə mübahisə düşüb
İlkin toydan evə qayıtdıqdan sonra həyat yoldaşı ilə bu məsələ barədə mübahisə edib.
Mübahisə zamanı o, həyat yoldaşını yumruq və təpiklərlə döyərək ona müxtəlif bədən xəsarətləri yetirib.
Hadisədən sonra qadın atasının evinə gedərək polisə məlumat verib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində İ.Cabbarlı saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı zamanı ər-arvad barışıb. Bundan sonra cinayət işinə xitam verilib.

