Tailanda məktəbdə qanlı atışma: 7 ölü, 15 yaralı-FOTO

Tailanda məktəbdə qanlı atışma: 7 ölü, 15 yaralı-FOTO

Tailandın Nontaburi əyalətində yerləşən Debsirin Nonthaburi məktəbində baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı üç müəllim və üç şagird həyatını itirib. Hücumu törədən məktəbli də hadisədən sonra ölü tapılıb. Polis onun intihar etdiyini ehtimal edir, lakin hadisənin bütün təfərrüatları araşdırılır.

Hadisə nəticəsində daha 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanalara yerləşdirilib və onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, bəzi xəsarətlər güllə yarasından, digərləri isə məktəbdən qaçmağa çalışarkən yaranıb.

Atışma məktəbdə dərs vaxtı baş verib. Şahidlərin sözlərinə görə, əvvəlcə eşidilən səsləri fişəng hesab etsələr də, daha sonra məktəbdə silahlı hücumun baş verdiyi məlum olub. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb edilib, şagirdlər təhlükəsiz əraziyə təxliyə olunublar.

Hadisənin motivi hələlik açıqlanmayıb. Tailandın Baş naziri Anutin Çarnvirakul həlak olanların ailələrinə başsağlığı verib, aidiyyəti qurumlara zərərçəkənlərə hərtərəfli dəstək göstərilməsi barədə tapşırıq verib. Hüquq-mühafizə orqanları silahlı hücumun səbəblərini araşdırır.

Bu, Tailandda 2026-cı ildə məktəbdə baş verən ikinci silahlı hücumdur. Ölkədə son illərdə baş verən bir neçə kütləvi atışmadan sonra silah dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər görülsə də, bu cür hadisələr ictimai narahatlıq yaratmaqda davam edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir