Tehranın mərkəzində yerləşən İnqilab meydanında ABŞ Prezidenti Donald Trampın tabutun içində təsvir olunduğu iri həcmli freska nümayiş etdirilib.
Yerli KİV-in yaydığı məlumata görə, divar rəsmi şəhərin ən hərəkətli nöqtələrindən birində yerləşən binanın üzərinə çəkilib. Freska həm piyadaların, həm də sıx avtomobil axınının olduğu yol qovşağından aydın görünür. Təsvirdə Donald Tramp tabutun içində əks olunub, tabutun üzərində isə müxtəlif şüarlar və yazılar yer alıb.
Məlumata əsasən, instalyasiyanın meydana çıxması Tehran və Vaşinqton arasında davam edən siyasi və hərbi gərginlik fonunda baş verib. Bildirilir ki, ölkədəki mühafizəkar dairələrin nümayəndələri son vaxtlar ABŞ-yə qarşı sərt ritorikanı daha da gücləndiriblər.
Qeyd edək ki, daha əvvəl İsrail kəşfiyyatının İranla əlaqəli qüvvələrin Donald Trampa qarşı mümkün sui-qəsd planı hazırladığı barədə ABŞ tərəfini məlumatlandırdığı iddia edilmişdi. Həmin məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Mənbə: Qafqazinfo

