Xəbər Yerində xəbər verir ki, “İdman Azərbaycan” və MTV kanallarının keçmiş rəhbəri, əməkdar jurnalist Elsevər Dünyamalıyev dövlət xidmətində vəzifə almaq istəyərkən dələduzluqla üzləşib.
Məlumata görə, Dünyamalıyev Prezidentin Mühafizə İdarəsinin İnformasiya xidmətində şöbə rəisi vəzifəsinə təyin olunmasına kömək etməsi üçün əvvəllər tanıdığı, Xüsusi Dövlət Mühafizə Xidmətində çalışmış Bəşir Bəşirova müraciət edib.
Bəşirov bu məsələnin həlli üçün 185 min manat tələb edib. Dünyamalıyev də həmin məbləği qısa müddət ərzində ona ödəyib.
Lakin vəd edilən təyinat baş tutmayıb. Uzun müddət nəticə gözləyən jurnalist sonradan aldadıldığını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib.
Araşdırma zamanı Bəşirovun başqa şəxslərdən də müxtəlif vədlərlə pul aldığı müəyyənləşib. Şikayətlər əsasında saxlanılan Bəşirov barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs zərərçəkmişlərə, o cümlədən Elsevər Dünyamalıyevə dəymiş 185 min manatlıq zərəri ödəyib. Tərəflər arasında barışıq əldə olunduğundan Bəşir Bəşirova 1 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, Elsevər Dünyamalıyev uzun illər AzTV-də çalışıb. Arif Alışanovun sədrliyi dövründə kanal rəhbərliyində müxtəlif vəzifələr tutan Dünyamalıyev “İdman Azərbaycan” kanalının ilk rəhbəri olub.
O, daha sonra AzTV-dən ayrılıb və 2024-cü ildə MTV kanalına rəhbər təyin edilib. Bir müddət əvvəl isə bu vəzifədən də azad olunub.

