Abşeron rayonunun Masazır qəsəbəsində tatu borcu üstündə yaranan mübahisə qanlı nəticələnib.
Xeber Yerinde Xezerxeber.az-a istinadən xəbər verir ki, 33 yaşlı Sahil Nuriyevin kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Məlumata görə, hadisə mərhumun qardaşının tatu vurduğu 18 yaşlı Hüseyn Vəliyevlə yaranan mübahisə zamanı baş verib. İddialara əsasən, Hüseyn tatu xidmətinə görə ödəniş etməkdən imtina edib və tərəflər arasında mübahisə yaranıb.
Mərhum Sahil Nuriyevin də qardaşının məsələsinə müdaxilə etdiyi bildirilir. Nəticədə Hüseyn Vəliyevin Sahili bıçaqladığı iddia olunur.
Ağır xəsarət alan 33 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Hüseyn Vəliyev saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

