Ucarda qonşusunun evindən 600 manat oğurlayan şəxs həmin pulla toya gedib.
Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndində baş verib.
1992-ci il təvəllüdlü Cəbi Qarayev qonşusu Elşənin evdə olmadığını öyrəndikdən sonra onun mənzilinə daxil olub. Həmin vaxt Elşən və ailəsi toy məclisində olub.
C.Qarayev evdə su balonunda saxlanılan 1 100 manat puldan 600 manat götürüb.
Oğurluqdan sonra həyat yoldaşı ilə birlikdə toya qatılan Cəbi həmin pulun 100 manatını toyda yazdırıb.
Ertəsi gün evə qayıdan Elşən pulunu yoxlayarkən 600 manatın çatışmadığını müəyyən edib və məsələ ilə bağlı polisə müraciət edib.
Araşdırma zamanı məlum olub ki, C.Qarayev rayon ərazisində keçirilən digər toy mərasimlərində adətən 30 manat pul yazdırıb. Lakin sözügedən toyda onun 100 manat verdiyi müəyyənləşdirilib.
Polis əməkdaşları tərəfindən saxlanılan C.Qarayev törətdiyi əməli etiraf edib.
Məhkəmənin qərarı ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

