Qax rayonunda kənd təsərrüfatı məhsullarını nisyə alaraq bir neçə sahibkara zərər vurmaqda təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, Çüdüllü kənd sakini, 1992-ci il təvəllüdlü Fuad Hətəmov uzun müddət Qaxda toyuq ferması işlədib və sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Məhsulları nisyə alıb, pulunu ödəməyib
Məlumata görə, Fuad Hətəmov bir müddət əvvəl rayon sakinlərindən toyuqlar üçün qarğıdalı və buğdanı nisyə alıb. O, məhsul sahiblərinə sonradan daha yüksək məbləğ ödəyəcəyini vəd etsə də, borcunu qaytarmayıb.
İddialara görə, o, müxtəlif sahibkarlardan aldığı məhsulları sataraq əldə etdiyi vəsaiti mənimsəyib. Sahibkarlar dəfələrlə pullarını tələb etsələr də, Fuad Hətəmov müxtəlif bəhanələrlə ödənişdən yayınıb.
132 min manatdan çox zərər vurub
Pulunu geri ala bilməyən sahibkarlar polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Fuad Hətəmov saxlanılıb.
Araşdırma zamanı onun ümumilikdə 132 min 380 manatlıq dələduzluq etdiyi müəyyənləşdirilib. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Fuad Hətəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

